Azerbaycanlı Milletvekili Günay Ağamalı Dünya Ögretmenler Günü Mesajı Yayımladı

Haber : Murat Genç / Azerbaycan
Əziz müəllimlər!
Sizi 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə səmimi qəlbdən təbrik edirəm. Müəllimlik peşəsi tarixi boyu ən ali, ən müqəddəs missiya kimi dəyərləndirilmişdir. Müəllim ömrünü gələcək nəsillərin vətənpərvərlik ruhunda formalaşmasına, xalqın savadlı və intellektual inkişafına həsr edən fədakar şəxsiyyətdir.
Ulu Öndər Heydər Əliyev daim müəllimlərə böyük ehtiram göstərmiş, “Mən yer üzündə müəllimdən yüksək ad tanımıram" sözləri ilə bu peşənin müqəddəsliyini vurğulamışdır.
Ümummilli Lider Heydər Əliyev yolunun layiqli davamçısı, Möhtərəm Prezidentimiz Cənab İlham Əliyev müəllimlərin sosial rifahının yaxşılaşdırılmasını, təhsilin müasir standartlara uyğunlaşdırılmasını daim diqqət mərkəzində saxlayır. Son illərdə həyata keçirilən işlər, peşəkar inkişafı üçün yaradılan imkanlar dövlətimizin təhsilə verdiyi dəyərin bariz nümunəsidir.
Bununla yanaşı, Birinci vitse-prezident Mehriban xanım Əliyeva hər zaman təhsil sahəsini prioritet istiqamət kimi diqqət mərkəzində saxlamış, müxtəlif humanitar layihələr vasitəsilə təhsil sahəsinə qayğı ilə yanaşmışdır.
Dəyərli müəllimlər!
Siz millətimizin nuru, gələcəyimizin qurucularısınız. Uşaqlarımıza, gənclərimizə Vətən sevgisini, milli-mənəvi dəyərləri aşılayaraq Azərbaycanın daha parlaq gələcəyinə xidmət edirsiniz. Hər birinizə möhkəm can sağlığı, ailə səadəti, şərəfli fəaliyyətinizdə uğurlar diləyirəm.
Gününüz mübarək!
Günay Ağamalı
Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini.
05 Oktyabr 2025-ci il.